“Alimlə
şirin söhbət” rubrikası
Qonağımız Mərkəzi Avropa Universitetinin məzunu, Hamfri
və Fulbrayt proqramlarının təqaüdçüsü, iqtisad üzrə fəlsəfə doktoru Fuad Əliyevdir.
Fuad
müəllim, Sizi elmi platformada salamlamağa çox şadam. Diskussiya Klubumuza xoş
gəlmisiniz.
Yazılarınızın
birində əxlaq və iqtisadi mənfəət arasında mübahisəni sahibkarlıq etikasının əsas
problemi kimi qeyd edirsiniz. Ümumilikdə, əxlaqın iqtisadi davranışa təsiri məsələləri
bu gün nə dərəcədə aktualdır?
F.Əliyev:
Ağanemət müəllim, Diskussiya Klubunuza dəvət
etdiyiniz üçün minnətdaram. Son qlobal iqtisadi böhran geniş anlamda müasir
iqtisadi sisteminin mənəviyyatdan nə dərəcə uzaq düşdüyünü göstrəmişdir. Əslində
böhranın əsas səbəblərindən biri də elə əxlaqla bağlı olmuşdur. Yəni, sırf mənfəəti
düşünərək iqtisadi davranışı qurmaqla, müxtəlif spekulyativ yollarla, formal
qanuni olsa belə, ancaq “bu gün”ü fikirləşməklə, sosial-ekoloji təsirləri nəzərə
almamaqla qlobal müstəvidə davamlı inkişafa nail olmaq qeyri-mümkündür.
A.Ağayev:
Hazırda
qlobal müstəvidə təşkilati səviyyələrdə etika standartlarının təlim edilməsində
məqsəd nədir?
F.Əliyev:
Beynəlxalq səviyyədə şirkətlər anlayırlar ki, “oyun
qaydalarına” ehtiyac duyulur. Artıq “qaydasız döyüş” zəmanəsi deyil və bu, həm
də şirkətin beynəlxalq imcinə zərər yetirir. Güclü rəqabət şəraitində “kasıb əxlaqlı”
şirkət imicinə malik olmaq müqayisəli nöqsanın yaranmasına gətirib çıxarır.
Burada həm də güclü vətəndaş cəmiyyəti institutlarının rolu böyükdür. Harada
ki, vətəndaş cəmiyyəti daha dayanıqlıdır, biznes sektorunun sosial məsuliyyəti
də bir o qədər güclüdür.
Tədqiqat
əsərlərinizin birində qeyd edirsiniz ki, əksər post-sovet ölkələrində etikanın
bu günkü böhranı öz köklərilə sovet keçmişinə gedir. Bunu necə izah edərdiniz?
F.Əliyev:
Onu belə izah etmək olar ki, Sovet ideologiyası bir
çox ümumbəşəri dəyəri təbliğ və təşviq etməsinə baxmayaraq, materializmə və
totalitarizmə söykənən “süni” bir ictimai-siyasi konstruksiya idi. Onun süqutu
da, post-Sovet ölkələrində ciddi mənəvi vakuuma gətirib çıxarmışdır. Yəni, əvvəlki
dəyərlər sistemi rədd olunmuş, amma yenisi formalaşmamışdır. Bu da “qaydasız
döyüş” şəraitinə gətirib çıxardı, ona qədərki bütün dəyərlər alt-üst oldu.
Sovetin “Allahsız din”i Allahsız olduğuna görə, tab gətirə bilmədi. Bunun əziyyətini
biz indiyə qədər çəkirik.
A.Ağayev:
Etika
mövzularında sosial reklam kampaniyalarını nə dərəcədə faydalı hesab edirsiniz?
F.Əliyev:
Qeyd etdiyimiz kimi, bu sahədə ictimai təşkilatların,
vətəndaş cəmiyyətinin rolu çox böyükdür. Dünya praktikası da göstərir ki,
düzgün planlaşdırılmış və aktiv sosial reklam kampaniyaları çox təsirli olur.
Bu, qabaqcıl ictimai seqment kimi biznes sektorunda ciddi keyfiyyət dəyişikliklərinə
gətirib çıxarır.
www.aganemat.blogspot.com
Maraqli sohbetdir. Mence bunu coxterefli diskussiya sheklinde genislendirmek olar.
ReplyDeleteElchin
Faydalı təklifinizə görə təşəkkür edirəm. Şübhəsiz ki, elmi problemlərin daha geniş dairədə müzakirəsi nəticələrin dürüstlüyünə xidmət edir.
ReplyDeleteAğanemət.