İnsan və iqtisadiyyat
XIX-XX əsrlərdə yaşamış rus filosofu Nikolay
Aleksandroviç Berdyayevin iqtisadiyyata yanaşması xüsusilə diqqəti çəkir.
Filosof iqtisadiyyata ictimai münasibətlər
sistemində belə yanaşır: “Çətin ki, iqtisadiyyat yeni insan formalaşdıra
bilsin. İqtisadiyyat həyatın məqsədi deyil, vasitələri sırasına aiddir. Nə vaxt
ki, onu həyatın məqəsdinə çevirirlər, o zaman insaniyyətin tənəzzülü başlayır.”[1]
Bu yanaşmadan görürük ki, müəllif iqtisadi münasibətlər
sisteminə insani münasibətlər sisteminin üst elementlərindən biri kimi baxır.
Ən əsası da odur ki, iqtisadi münasibətləri sonuncu üçün köməkçi, tamamlayıcı
hesab edir.
Əslində, bu iqtisadiyyata daha üstün insani dəyərlər
(hansı ki, biz bunu çox ümumi ifadə ilə əxlaq adlandıra bilərik) çərçivəsində
yanaşmanın bariz misalıdır. Deməli, iqtisadi münasibətlər sistemi, o cümlədən
onun bazis hərəkətverici elementi olan iqtisadi davranışlar öz formasını əxlaqı
çərçivədə müəyyən etməlidir.
Müəllifə görə, əks halda bu, insaniyyətin tənəzzülü
ilə nəticələnəcəkdir. Başqa sözlə ifadə etsək, iqtisadi davranış və onun mahiyyəti
insaniyyət üçün, onun həqiqi məqsədləri üçün ya köməkdir, ya da maneə, üçüncü
hal yoxdur.
Necə ki, XIX-XX əsrlərdə yaşamış tanınmış fransız
siyasi xadimi Jan Jores iqtisadiyyat haqqında yazırdı: “İnsanda belə bir vəhdət
mövcuddur: insan özü ilə iqtisadi mühitinin qarşılıqlı vəhdətindədir. Hansı ki,
insanın iqtisadi həyatını onun mənəvi həyatından ayırmaq mümkün deyildir.
İnsanın mövcudiyyətini iki hissəsyə - ideal həyata və iqtisadi həyata ayırmaq
mümkünsüzdür.”[2]
İqtisadiyyatın, onunla bağlı münasibətlər
sisteminin təbiəti barəsində təqdim olunan bu yanaşmaları ümumiləşdirsək, deyə
bilərik ki, insanın iştirak etdiyi iqtisadi münasibətlər sistemi onun mənəvi
(qeyri-iqtisadi) münasibətlər sistemini daim təqib edir. Təbiətən ayrılmaz olan
bu hissələr yalnız və yalnız insani norma və çərçivələr, başqa sözlə əxlaq dairəsində
sağlam sinerjiyə malik ola bilərlər. Əks halda onlar bir birlərini puç etməklə,
ümumilikdə insaniyyətin tənəzzülü ilə nəticələnəcəklər.
Ağanemət Ağayev
No comments:
Post a Comment