İqtisadi davranışın əsas rasionallıq şərti
İqtisadiyyata və ya iqtisadi münasibətlərə belə bir
tərif vermək də doğru olardı: iqtisadiyyat ehtiyac ve istəklərin reallaşması
üçün resursların əldə edilməsi və istifadə edilməsi ilə bağlı münasibətlərdir.
Bu prizmadan yanaşsaq, resursların əldə edilməsi və
istifadəsi məsələlərinin, yəni iqtisadiyyatın rasionallığı ehtiyac və istəklərin
rasionallığı ilə bağlıdır. Təbii ki, iqtisadiyyata daha geniş anlamda
daxdığimizda. Fikrə misalla konkretlik gətirək. Məsələn, şəxs başqasının bank
hesabında olan böyük miqdarda vəsaitin ələ keçirilməsi, oğurlanması yolu ilə
varlanmaq istəyinə sahibdir. Bunun üçün o, ən qabaqcıl informasiya
texnologiyaları ilə bağlı biliklərə malik olmalı olduğunu anlayır. O, ən mötəbər
mənbələrdən təlim almaq, savadlanmaq qərarına gəlir, leqal, doğru yolla pul əldə
etmək məqsədilə çalışmağa başlayır.
İllər keçir, o ağır zəhmətlə, əzmlə savad qazanır.
Nəhayət, bir gün “böyük” planının reallaşdırılması zamanı gəlir. O, illərlə əldə
etdiyi savadının müqabilində arzularında yaşatdığı cinayəti həyata keçirir. Bir
müddətdən sonra yaxalanır və ömrünü dəmir barmaqlıqlar arasında haçansa
azadlığa qovuşmaq, bir daha həmin cinayəti təkrarlamaqla firavan həyata sahib
olmaq arzusu ilə sona yetirir.
Konkret bu misalda şəxsin davranışına, bu
davranışın tərkib hissəsi olan iqtisadi münasibətlərə rasionallıq və
qeyri-rasionallıq tərəflərindən qiymət versək, görürük ki, savad və təhsil qədər
ali insani dəyərlərin özü belə, bu dəyərlərə sahib olmaq üçün zəruri resurslara
sahib olmaq məqsədilə çalışmaq belə, qeyri-rasionaldır, puçdur.
Əcəba, nədir bu ali dəyərləri qeyri-rasional edən?
Cavab isə sadədir: son hədəf, son niyyət. Aralıq hədəflər, aralıq niyyətlər isə
davranışlara qiymət vermək üçün yetərli deyildir.
Burada önəmli olan əməl və hərəkətlərin, habelə
onlardan da daha bazisdə yerləşən ehtiyac və istəklərin təbiətidir. Bu baxımdan
iqtisadi münasibətlərin rasionallığı insanın ehtiyac və istəklərinin
kamilliyindən bilavasitə asılıdır. Başqa sözlə, iqtisadi davranışın rasionallıq
dərəcəsi ruhun, niyyətin, hədəfin kamillik dərəcəsindən birbaşa asılı kəmiyyətdir,
deyə bilərik. Məhz, bu asılılıq iqtisdiyyatı mənəviyyat və mənəviyyatsızlıq,
halal və haram, “olar”lar və “olmaz”lar, pislər və yaxşılar təzadında öyrənməyin
zəruriliyini sübuta yetirir.
Ağanemət Ağayev