Thursday, May 9, 2013


İqtisadi davranışın əsas rasionallıq şərti

İqtisadiyyata və ya iqtisadi münasibətlərə belə bir tərif vermək də doğru olardı: iqtisadiyyat ehtiyac ve istəklərin reallaşması üçün resursların əldə edilməsi və istifadə edilməsi ilə bağlı münasibətlərdir.

Bu prizmadan yanaşsaq, resursların əldə edilməsi və istifadəsi məsələlərinin, yəni iqtisadiyyatın rasionallığı ehtiyac və istəklərin rasionallığı ilə bağlıdır. Təbii ki, iqtisadiyyata daha geniş anlamda daxdığimizda. Fikrə misalla konkretlik gətirək. Məsələn, şəxs başqasının bank hesabında olan böyük miqdarda vəsaitin ələ keçirilməsi, oğurlanması yolu ilə varlanmaq istəyinə sahibdir. Bunun üçün o, ən qabaqcıl informasiya texnologiyaları ilə bağlı biliklərə malik olmalı olduğunu anlayır. O, ən mötəbər mənbələrdən təlim almaq, savadlanmaq qərarına gəlir, leqal, doğru yolla pul əldə etmək məqsədilə çalışmağa başlayır.

İllər keçir, o ağır zəhmətlə, əzmlə savad qazanır. Nəhayət, bir gün “böyük” planının reallaşdırılması zamanı gəlir. O, illərlə əldə etdiyi savadının müqabilində arzularında yaşatdığı cinayəti həyata keçirir. Bir müddətdən sonra yaxalanır və ömrünü dəmir barmaqlıqlar arasında haçansa azadlığa qovuşmaq, bir daha həmin cinayəti təkrarlamaqla firavan həyata sahib olmaq arzusu ilə sona yetirir.

Konkret bu misalda şəxsin davranışına, bu davranışın tərkib hissəsi olan iqtisadi münasibətlərə rasionallıq və qeyri-rasionallıq tərəflərindən qiymət versək, görürük ki, savad və təhsil qədər ali insani dəyərlərin özü belə, bu dəyərlərə sahib olmaq üçün zəruri resurslara sahib olmaq məqsədilə çalışmaq belə, qeyri-rasionaldır, puçdur.

Əcəba, nədir bu ali dəyərləri qeyri-rasional edən? Cavab isə sadədir: son hədəf, son niyyət. Aralıq hədəflər, aralıq niyyətlər isə davranışlara qiymət vermək üçün yetərli deyildir.

Burada önəmli olan əməl və hərəkətlərin, habelə onlardan da daha bazisdə yerləşən ehtiyac və istəklərin təbiətidir. Bu baxımdan iqtisadi münasibətlərin rasionallığı insanın ehtiyac və istəklərinin kamilliyindən bilavasitə asılıdır. Başqa sözlə, iqtisadi davranışın rasionallıq dərəcəsi ruhun, niyyətin, hədəfin kamillik dərəcəsindən birbaşa asılı kəmiyyətdir, deyə bilərik. Məhz, bu asılılıq iqtisdiyyatı mənəviyyat və mənəviyyatsızlıq, halal və haram, “olar”lar və “olmaz”lar, pislər və yaxşılar təzadında öyrənməyin zəruriliyini sübuta yetirir.

Ağanemət Ağayev

No comments:

Post a Comment