İqtisad
elminin nəzəri əhatəsi barəsində
İqtisadi münasibətlərin təbiəti, iqtisadi qanunauyğunluqlar
və onlardan cəmiyyətin rifahı üçün istifadə məsələlərinin öyrənilməsi iqtisadi
nəzəriyyənin başlıca vəzifəsidirsə, bəs bu nəzəriyyə sisteminin özünün mahiyyətinə
necə yanaşılmalıdır?
Digər nəzəri istiqamətlər kimi iqtisadi nəzəriyyə də
hər şeydən öncə elm sahəsidir və məhz bu əsasda onun təbiətini öyrənmək daha
doğru olardı.
Müxtəlif mənbələrdə elmə fəqrli təriflər verilsə də
ümumilikdə ona insan fəaliyyətinin bir sahəsi kimi baxılır, obyektiv biliklərin
və reallığın nəzəri sistemləşdirilməsi, işlənilməsi kimi tərif verilir.
Şübhəsiz ki, elmə yalnız insan fəaliyyətinin bir
sahəsi kimi baxmaq bu anlayışın həqiqi oblastını daraldır. Elmə bu cür tərif
versək daha doğru olardı: elm təbiət qanunlarının, həmçinin qeyri-təbiət
qanunauyğunluqlarının və onlardan istifadə məsələlərinin sistemli əsasda öyrənilməsidir.
İqtisadiyyatın predmeti insanın və ya toplumun
iqtisadi münasibətlər sistemi, iqtisadi nəzəriyyənin predmeti isə bu münasibətlər
sisteminin qanunauyğunluqlarının və onlardan cəmiyyətin rifahı üçün istifadə məsələlərinin
öyrənilməsidir.
Təqbiət elmlərindən fərqli olaraq iqtisad elmi və nəzəriyyəsi
qanunları deyil, qanunauyğunluqları öyrənir. Burada elm nöqteyi-nəzərindən qanunla
qanunauyğunluğun fərqləndirilməsi çox vacibdir. Qanun obyektiv reallıq olmaqla,
mövcudluq səbəbi insan təfəkkürünün fövqündə olan hadisədir, prosesdir,
ardıcıllıqdır. Məsələn, fizika qanunları və s.
Qanunauyğunluq isə subyektiv reallıqdır və
mövcudluq səbəbi insan təfəkkürü ilə nisbətən dərk oluna bilən prosesdir. Məsələn,
iqtisadiyyatda tələb və ya təklif qanunauyğunluğu. Lakin, müasir elmi iqtisadi ədəbiyyatda
bu, qanunauyğunluq deyil, qanun kimi adlandırılır. Elə, çəkdiyimiz misal üzərində
fikri açıqlamağa çalışaq.
Mahiyyət etibarilə yanaşsaq, insanın əmtəəyə tələbinin
onun dəyərinə, qiymətinə qarşı elastikliyi obyektiv deyil, subyektiv
reallıqdır. Yəni, bunun əsasında insan davranışı dayanır. Davranış isə dəyişkəndir.
Davranış fərdin istəklərinə əsaslanır. İstəklər də dəyişkəndir. İstəklər fərdin
EQO-suna əsaslanır. EQO-da dəyişkəndir. Yəni insanın ya kamil EQO-su, ya da
heyvani EQO-su onun istəklərini formalaşdıra bilər.
Qeyd olunanları ümumiləşdirsək bu nəticəyə gəlirik
ki, iqtisad elminin və nəzəriyyəsinin başlıca vəzifəsi olaraq, insanların yüksək
sosial-iqtisadi rifahı üçün dayanıqlı inkişafa malik iqtisadi sistem mövcud olmalıdır.
Bu iqtisadi sistem üçün iqtisadi agentlərin, fəqrdlərin və bundan irəli gələrək
institutların rasional davranışı mövcud olmalıdır. Rasional davranış üçün fərdin
istəkləri rasional olmalıdır. Bu rasional istəklər isə o vaxt təzahür edər ki,
fərdin heyvani EQO-su onun kamil EQO-suna tabe olsun, əksinə deyil.
Beləliklə, iqtisadi nəzəriyyə o zaman iqtisadi
qanunauyğunluqların cəmiyyətin rifahı üçün istifadə məsələlərini doğru öyrənə
bilər ki, o fərdin kamil EQO-sununun güclənməsi və fərdin başlıca hərəkverici
qüvvəsinə çevrilməsi problemlərinə qədər enmiş olsun.
Yalnız bu halda iqtisadi nəzəriyyə elmin - iqtisad
elminin başlıca vəzifəsinə nail olunmasına iddialı ola bilər. Əks halda o, daim
hadisələrin təsvirçiliyi ilə məşğul olaraq “necə olmalıdır?” sualına deyil,
“necədir?” sualına cavab verməklə kifayətlənəcək.
Ağanemət Ağayev
No comments:
Post a Comment