İqtisadiyyatın nəzəri əsaslarına fərqli
yanaşmaların tarixi haqqında
Zamana görə dəyişən çoxsaylı məsələlərdən biri də
iqtisadiyyatın nəzəri əsaslarına yanaşmalardır. Digər elm sahələrindən fərqli
olaraq tarixən bu dəyişmələr daha böyük bucaq altında baş vermişdir. İqtisadi təlimlərin
tarixi təhlili göstərir ki, iqtisadiyyatın nəzəri əsaslarına fərqli yanaşmalar
təkcə əvvəlki nəzəri baza üzərində yeni, daha təkmil nəzəriyyələrin
yaranmasından ibarət olmamışdır. Çox zaman iqtisadiyyatın yeni nəzəri əsasları
əvvəlkilərin tamamilə inkarı üzərində qurulmuşdur.
İqtisadi təlimlərin tarixi inkişafı məsələlərini
öyrənən müəlliflər iqtisadi nəzəriyyənin əsas prinsiplərinin tarixi inkişafın mərhələləri
üzrə öyrənilməsini iqtisadi təlimlər tarixinin başlıca funksiyası hesab edir. Bu
onu göstərir ki, iqtisadi nəzəriyyənin prinsipial əsasları tarixən dəyişkəndir.
Zaman-zaman yeni prinsiplərin irəli sürülməsi
iqtisadi nəzəriyyənin bir elm istiqaməti kimi inkişafına xidmət etmişdir. Əsas
məsələlərdən biri də ondan ibarətdir ki, tarixən yeni iqtisadi nəzəri prinsiplər
meydana gəldikcə, irəli sürüldükcə əvvəlki iqtisadi nəzəriyyələr yox olmamış,
iqtisadi təlimlər tarixinin mərhələlərindən birinə çevrilmişdir.
Beləliklə, iqtisadi təlimlərin tarixi “xəritə”si
formalaşmışdır. Bu “xəritə”nin ən böyük üstünlüyü ondan ibarətdir ki, burada
iqtisadi nəzəri təlimlərin keçmişdən bu günə gələn inkişaf yolunun gələcək
istiqamətini fəhm etmək olur.
Hələ eramızın birinci minilliyindən başlayaraq IV əsrə
qədər Qədim Yunanıstan və Qədim Roma mənbələrində cəmiyyətin inkişafının əsas məhsuldar
qüvvəsi kimi qul əməyi ideyası önə çəkilir. Təbiidir, ona görə ki, quldarlıq
quruluşuna malik cəmiyyətdə iqtisadi artımın başlıca elementlərindən biri
qullar idi və o vaxtkı iqtisadi ideyalar cəmiyyətin ümumi təsərrüfatının böyüməsini
qul əməyində görürdü. Məsələ bununla da yekunlaşmır. Dağınıq da olsa o vaxtkı
iqtisadi ideyalar cəmiyyətin maddi rifahının təkcə mənbəyini deyil, yüksəlməsini
də quldarlığın inkişafında görürüdü. Şübhəsiz ki, bu, quldarlıqdan daha yaxşı
modelin mövcudluğunu görə bilməyən cəmiyyət üçün ən yaxşı iqtisadi təlim idi.
Gəlin, o dövrün iqtisadi ideyalarının mahiyyətinə cəmiyyətin
bu günkü inkişaf nöqtəsindən baxaq. Dəhşətlidir, deyilmi?
Lakin, qeyd etdiyimiz Qədim Yunanıstan və Qədim
Roma iqtisadi ideyaları nə qədər bəsit və ən əsası yanlış olsa da Kotton,
Qrakxilin, Varron, Kolumella kimi o dövrün iqtisadi-nəzəri ideya müəllifləri
bu gün də öz aktuallığını qoruyan dəyər, mənfəət, qiymət, təsərrüfatın təşkili,
aqrar islahatlar və digər məsələlərlə bağlı fikirlər irəli sürmüşlər. Bu, onu
göstərir ki, əsas iqtisadi anlayışların təsvir edilməsi, onlar arasında əlaqələrin
təbiətinin öyrənilməsinə başlanılması iqtisadi nəzəriyyənin başlıca vəzifəsi
deyil, hələ başlanğıc vəzifələrindən biridir.
İqtisadi nəzəriyyənin başlıca vəzifələrinə giriş “necədir?” deyil, “necə
olmalıdır?” sualının qoyuluşu ilə başlamalıdır. Yəni, iqtisadiyyatın nəzəri əsaslarının
öyrənilməsi ilə məşğul olan elm daşıyıcıları “necədir?” sualında ilişib
qalmaqla iqtisadi nəzəriyyəni cəmiyyətin mövcud dəyərlər sisteminin “yedəyinə”
çevirmiş olurlar. Necə ki, quldarlıq cəmiyyətinin iqtisadi təlimləri belə idi.
Ardı var...
Ağanemət Ağayev
No comments:
Post a Comment