Friday, January 18, 2013


İqtisadi sistemlərin ideoloji ehtiyacı


Mövzuya keçməmişdən öncə “sistem” və “ideologiya” anlayışlarını müəyyən edək. Sistem onun tərkib elementlərinin təbiət və ya qeyri-təbiət qanunları əsasında qarşılıqlı ahəngdar hərəkətidir.  İdeologiya isə fərdin və ya ictimai toplumun dəyərlər bazası üzərində formalaşan, onun davranışlarını mütəşəkkil əsasda müəyyən edən idrakdır, dünya görüşüdür.


Beləliklə, sistem elemetlərin davranışlarının qanunauyğunluğudursa, ideologiya həmin davranışları hərəkətə gətirən başlıca impulsdur.

Məsələ bununla bitmir. İdeologiya özü də hələ dənizin dibi deyil, yəni bazis deyil. İdeologiyanın bazisi fərdin və ya ictimai toplumun (təbii ki, bu da fərdlərdən ibarətdir) EQO-sudur.

Bu isə o deməkdir ki, fərd ele bir ideologiyanın daşıyıcısına çevrilər, ya çevrilmək istəyər ki, onun EQO-suna, yəni dərin şəxsi istəklərinə faydası, qazancı (təkcə iqtisadi anlamda deyil) olsun.

Sistem və ideologiya çoxluqlarının yerləşməsinə illüstrativ baxdığımızda aşağıdakı ardıcıllığı görürük:



İndi isə keçək iqtisadiyyata...

Beləliklə, elementi fərdlər olan, yəni iqtisadiyyat kimi ictimai sistemləri hərəkətə gətirən, məhz ideoloji bazadır.


Burada sual yaranır: bütün iqtisadi sistemlər ideologiyaya malikdirmi? və ya ideologiyasız iqtisadi sistem mövcud ola bilməzmi?

Cavab isəbundan ibarətdir ki, əslində iqtisadi sistemlərin bazisində ideologiya həmişə vardır. Buna riyazi ekstremal yanaşma tətbiq etsək, ideologiya ya dağınıq və qeyri-mütəşəkkil, ya da güclü və institutlaşmış olur. 

Birinci halda, yəni iqtisadiyyatın ideoloji bazası epizotik və qeyri-mütəşəkkil olduqda iqtisad sistem böhranlara qarşı dayanıqsız olur. Çünki, ideologiyanın güclü və institutlaşmış olması kökü sağlam olan ağaca misalına bənzəyir. Obrazlı ifadə etsək, dayanıqlı iqtisadi sistem ağac, güclü ideoloji baza onun dərin kökləri, fərdlərin sosial inkişafı isə meyvəsidir.

İstər kiçik modeldə (ailə ideologiyası və ailə təsərrüfatı), istərsə də böyük modeldə (qloballaşma ideologiyası və dünya iqtisadiyyatı) bu iki anlayışın qarşılıqlı vəhdətinə baxsaq səlis bağlılığın şahidi oluruq. Bu isə onu göstərir ki, ölçüsündən asılı olmayaraq iqtisadi sistemin güclü, dayanıqlı olması üçün onun ideoloji bazasının möhkəmləndirilməsi əsas şərtdir. 

İşlək ideoloji bazisi formalaşdırmaq üçün isə fərdlərin EQO-larının yəni, ehtiyaclarının kamilləşdirilməsindən başlamaq lazımdır.

Nəticədəkiçik iqtisadi sistemlər böyük iqtisadi sistemlərlə ideologiyanın gücü ilə birləşməlidir. Çünki, dünya iqtisadiyyatı milli iqtisadi sistemlərdən, onlar institutlardan, institutlar fərqdlərdən ibarət olmaqla bir tama çevrilməlidir. Bu vahidləri iqtisadi proseslərdə deyil, ideoloji bazada birləşdirmək inkişaf məqsədləri baxımından daha dayanıqlı və faydalıdır. Başqa sözlə, daha möhkəm sinerji naminəbu vahidləri üst qurum elementləri deyil, bazis elementlər səviyyəsində birləşdirmək tələb olunur.

Güclü ideoloji baza fərdləri və institutları elə bir iqtisadi sistemdə birləşdirməyə qadirdir ki, bu sistem üzünün zaman-zaman zəifləmiş elemetlərini sağlamlaşdırmaq xüsusiyyətinə sahibdir. Bu isə iqtisadi sistemlərdə müxtəlif vaxtlarda yaranan böhran simptomlarının elə iqtisadi sistemin özü tərəfindən müalicəsinə imkan verəcəkdir.

Unitmaq olmaz ki, istənilən ideologiyanın ilkin daşıyıcıları isə fərdlərdir. Bu, o deməkdir ki, dayanıqlı iqtisadi sistemlər güclü ideoloji xəttə, o isə kamil, yəni rasional davranışa sahib fərdlərin formalaşdırılmasına bağlıdır.
Ağanemət Ağayev




No comments:

Post a Comment