Monday, January 21, 2013



Varlı dünya ailəsinin acından ölən körpələri

 

Daha böyük oblastda və nisbətən sadə ümumiləşmə ilə iqtisadi anlamda insana belə tərif verə bilərik: insan - başının üstündə tükənməyən enerji mənbəyi olan günəşə, ayağının altında sonsuz sərvət mənbəyi olan torpağa və bu iki resursu özünün sosial rifahına (məmnunluğuna və ya xoşbəxtliyinə) çevirə bilən ağıla sahib varlıqdır, yaradılışdır. Bu onu göstərir ki, geniş anlamda sosial rifahın yalnız bir və əsas amili insanın iradəsinə tabedir. Bu amil, yəni ağıl insanın bazis iradi iqtisadi resursudur. Bu bazis iqtisadi resursu rasional əsasda idarə edərək həmin təbii resurslarla birləşdirə bilən sistem bütün bəşəriyyətin, yəni ayrı-ayrılıqda hər bir fərdin sosial rifahını daimi və lazımi səviyyədə təmin etməyə qadirdir. Çün ki, bu resursların üçü də sonsuzdur, tükənməzdir.

Bəşəriyyətə bir sistem kimi baxsaq, elementləri fərdlərdir. Digər tərəfdən də məlumdur ki, bir sistemin yaşaması, fəaliyyət göstərməsinin başlıca şərti onun tərkib elementlərinin nizamlı vəhdətidir. Bu anlamda bəşəri sistemin inkişafı üçün fərdlərin qarşılıqlı həvdəti zəriridir. Sosial baxımdan bu vəhdət fəqdlərin biri-birinə qarşılıqlı cavabdehliyi, məsuliyyətidir. Deməli, insan ictimai varlıq kimi ictimai sistemdə başqalarının həyati maraqlarının qorunmasına, nəticədə soial və yaşam rifahına cavabdehdir. Bu cavabdehlik, məsuliyyət son nəticədə onun özünün məmnun yaşam sisteminin vacib şərtidir.

Bu baxımdan, müasir şəraitdə bəşəriyyətdə mövcud olan sosial, iqtisadi, ictimai qeyri-tarazlıqlar sistem elementlərinin, yəni insanların, bir qədər də ümumiləşdirsək institutların bir-birlərinə qarşı sosial məsuliyyətlərinin zəif olmasının, laqeydliklərinin “məhsulu”dur.

Qlobal miqyasda bu qeyri-tarazlıqların bariz şəkildə göründyü müstəvilərdən biri də dünya əhalisinin yoxsulluq statistikasıdır.

Belə ki, hazırda:

§  Dünya əhalisinin hər 100 nəfərindən 13-ü günlük qida normasında yemək tapmır. Bu, toplam olaraq 870 milyon nəfər təşkil edir. Bu isə birlikdə ABŞ və Avropa Birliyinin əhalisindən çoxdur.

§  Bu əhalinin 98%-i inkişaf etməkdə olan ölkələrdə yaşayır.Bu isə onu göstərir ki, qlobal aclıq probleminin həlli ayrı-ayrılıqda milli iqtisadiyyatlar çərçivəsində mümkün deyildir.

§  Aclıq halında yaşayan dünya əhalisinin 2/3-i 7 ölkənin payına düşür: bunlar Çin, Hindistan, Pakistan, İndoneziya, Banqladeş, Konqo və Efiopiyadır.

§  Aclıq halında yaşayan dünya əhalisinin 60%-i qadınlardır.

§  Yoxsulluqdan irəli gələrək inkşaf etməkdə olan ölkələrdəki hamilə qadınların 50%-i xüsusi tibbi qayğıdan məhrumdur və bunun nəticəsində hər il dünyada doğuş zamanı 300 min ana ölümü hadisəsi baş verir.

§  Yoxsulluq səbəbindən inkişaf etməkdə olan ölkələrdə hər 6 körpədən 1-i aşağı çəki ilə doğulur.

§  Təhlillər göstərir ki, ümumdünya uşaq ölümü hallarının 1/3-nin səbəbi pis və minimum normadan az qidalanmadır. Nəticədə hər il bu səbəbdən 2 milyon 600 min uşaq məhz aclıqdan həlak olur.

§  Beləliklə, dünyada hər 5 saniyədə 1 uşaq acından ölür.

Beləliklə, dünya iqtisadi sistemi hər 5 saniyədən bir özünün bir həlledici elementini, bir bazis iqtisadi resursunu nahaqdan itirir, məhz elə iqtisadi resursların qeyr-rasional idarə olunmasına, paylanmasına və nəticədə qıtlığına görə.

Qlobal yoxsulluğun eyni zamanda böyük miqyaslı ərzaq istafları, hazır ərzaq məhsullarının əhəmiyyətli bir hissəsinin sosial rifaha deyil, tullantıya çevrilməsi fonunda baş verməsi bu qlobal qeyri-tarazlığın sosial-iqtisadi kontrastını daha da artırır.

 

P.S.

Qəribədir, Yerdə hələ ki, ən adi sosial ehtiyacını – “adam kimi” qidalanmağını özünə təmin edə bilməyən, körpəsini acından öldürən dünya ailəsi bu gün başqa kosmik məkanlarda həyat axtarışındadır. Həyat acından ölmək və ya öldürməkdirsə, tapılmasa yaxşıdır...

 

 
Statististik məlumatların mənbəyi:
http://www.thp.org
http://www.endhunger.org

 

Ağanemət Ağayev

No comments:

Post a Comment