Tuesday, January 22, 2013


Qafqaz Universitetinin Sosial İqtisadi Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə

“Qlobal iqtisadi sistemə yeni baxış” mövzusunda İqtisadi Forumda

Ağanemət Ağayevin “İqtisadiyyat və milli-mənəvi dəyərlər sistemi” modulu üzrə yekun çıxışı

 

Hörmətli Forum iştirakçıları, dəyərli tədqiqatçılar,

“İqtisadiyyat və milli-mənəvi dəyərlər sistemi” adı altında müzakirələrin aparıldığı üçüncü modulumuzda ümumilikdə, iqtisadi etika, müasir şəraitdə iqtisadi dizbalansdların meydana gəlməsi, həmçinin milli-mənəvi dəyərlər sistemində tarazlı və dayanıqlı iqtisadi inkişaf məsələləri önə çəkildi. Dr. Altay İsmayılovun rəhbərliyi ilə modul iştirakçılarının ayrı-ayrılıqda təqdim edtiyi tezislər və onlar ərtafında aparılan müzakirələrin qısa ümumiləşdirilməsini aparaq.

Beləliklə, 3 baza anlayışın irəli sürülməsi ilə məsələlərə yanaşıldı: iqtisadi sistem, iqtisadi model və etika. İqtisadi sistemin mövcudluğu demək olar ki, tam mənada təbii prosesdir. İqtisadi modelə isə əslində ən rasional əsasda belə bir tərif verə bilərik ki, o, iqtisadi sistemi hərkətə gətirən oyun qaydalarıdır, yaxud başqa sözlə qanun və qanunauyğunluqların məcmusudur. Birincidən fərqli olaraq, iqtisadi model antropogendir. Yəni, iqtisadi sistem özü-özünə yaranandırsa, iqtisadi model oyunçuların, başqa sözlə, iqtisadi subyektlərin razılaşdığı oyun qaydalarıdır.

İqtisadi nəzəriyyələrin zaman-zamanən ən ciddi və taleyüklü sualı da məhz, hansı iqtisadi modelin seçilməsi ilə bağlı olmuşdur. Bu gün də bu sual dünyanın bütün iqtisadi sistemlərini düşündürməkdədir. Belə isə, hansı model ən yaxşıdır?

İrəli sürdüyümüz suala iqtisadi sistemin təməl xəritəsinin üzərində - dövrü axınlar modelində cavab axtardıq. Bələliklə, birinci model – dövlətsiz iqtisadiyyat (ev təsərrüfatları, firmalar və iki bazar). İkinci model - tam dövlət iqtisadiyyatı (istehsalçı – dövlət, istehlakçı – ev təsərrüfatları). Üçüncü model – dövlət tərəfindən tənzimlənən iqtisadiyyat – (ev təsərrüfatları, firmalar, iki bazar və dövlətin tənzimləmə alətləri).

Əslində, modelindən asılı olmayaraq iqtisadi sistemin başlıca məqsədi resurs və gəlir axınını rəvan (ahəngdar) təmin etmək, beləliklə də resursları gəlirlərə, gəlirləri isə sosial məmnunluğa çevirməkdir.

Nəzəri aspektdən baxsaq və modellərin ayrı-ayrılıqda xüsusiyyətlərini tətbiq etsək görürük ki, bütün iqtisadi modellərlə yuxarıda qeyd etdiyimiz hədəfə - resursları gəlirlərə, gəlirləri isə insan məmnunluğuna çevirmək mümkündür. Lakin, empirik səviyyədə baxdığımızda isə tamam fərqli mənzərə canlanır: dövlətin iqtisadiyyata sahib çıxması totalitar inzibatçılıq, çürük kommunizm ideologiyası adlanır, dövlətin ifrat sərbəst bazar iqtisadiyyatına üstünlük verməsi vəhşi kapitalizm, gəlirlərin və resursların qeyri-bərabər bölgüsünün təməlidir kimi yanaşmalar ortaya çıxır.

Nəzəri baxımdan işlək olan bu fərqli iqtisadi modellərin praktikada gah birinin, gah da digərinin iflasa uğramasının, özünü doğrultmamasının başlıca səbəbi isə yuxarıda qeyd etdiyimiz oyun qaydalarının pozulmasından irəli gəlir. Bunun isə başqa adı iqtisadi qeyri-etiklikdir. Deməli, iqtisadi sistemin bütün iştirakçıları (fərdlər və institutlar - ev təsərrüfatları, firmalar, dövlət) ilk növbədə başlıca şərtə – oyun qaydalarına mütləq əməl etməlidirlər. İqtisadi modelin seçimindən asılı olmayaraq iqtisadi oyunun iştirakçılarında etika səviyyəsini yüksəltmək lazımıdr. Budur həm qlobal, həm də milli səviyyələrdə iqtisadi sistemlərin başlıca problemi.

Bu isə bizə iqtisadiyyatın rasional düsturunu açıqlayır. İnsanlar etik iqtisadi davranış vasitəsilə resurslardan rasional və səmərəli istifadə edərək yüksək gəlirlər əldə edəcək, cəmiyyətdə insan inkişafına, son nəticədə isə insan məmnunluğuna nail olunacaq.

Qeyd etdiyimiz nəzəri yanaşmadan sonra müasir dünya iqtisadiyyatında iqtisadi tarazlıq, iqtisadi etika məsələlərinə empirik səviyyədə yanaşdıq. Dr. Sərvər Qurbanovun tezisinin müzakirələrində müəyyən edildi ki, hazırda hər bir ölkədə iqtisadi sistem üçün əsas deyil, köməkçi sayılan maliyyə sektoru bir çox hallarda real iqtisadi münasibətlərin önünə keçir. Bu da həm milli, həm regional, həm də qlobal səviyyədə maliyyə, o cümlədən borc böhranlarının yaranmasına gətirib çıxarır.

Eyni zamanda, iqtisadiyyatda yaranmış əlavə dəyərin strukturunda vasitəçı institutların, bazar subyektlərinin payının həddən artıq böyüməsi real sektorda istehsalın rentabelliyinin azalmasına gətirib çıxarır ki, bu da son nəticədə iqtisadi inkişafın əsası olan istehsal proseslərinin zəifləməsinə yol açır.

Hörmətli Forum iştirakçıları,

Müzakirələrin üçüncü hissəsində isə nəzəri baxımdan sistemləşdirdiyimiz və empirik baxımdan əsaslandırdığımız problemlərin səbəbi və həlli yolları barəsində dəyərlər sistemimizin dərslərinə müraciət etdik.

Dr. Ruslan Atakişiyevin tezisinin müzakirələri belə bir nəticəyə gəlməyə imkan verdi ki, əslində bizim dəyərlər sistemimizdə iqtisadi sistem və inkişaf məsələləri barəsində ən zəruri reseptlər vardır. Bura yardımlaşma və ədalətli iqtisadi fəaliyyət fenomrnlərini misal göstərə bilərik. Böhranlar zamanı dövlətin iqtisadi sistemə dəstəyi yardımlaşmanın, istehlak israflarının azaldılması, azad rəqabətin təmin edilməsi isə iqtisadi fəaliyyətdə ədalətin başqa adlarıdır.

Bu isə onu göstərir ki, milli-mənəvi dəyərlər sistemimizdə iqtisadi sistem fərqliliklərindən asılı olmayaraq bütün milli iqtisadiyyatlar üçün zəruri olan iqtisadi etika və rasional iqtisadi davranış tezisləri yer alır. Bunlara əməl etmək isə tarazlı və dayanılqı iqtisadi inkişafın təminatıdır.

Beləliklə, Dr. Sənnur Əliyevin, Dr. Namiq Nağdəliyevin, eləcə də Dr. Elsevər İbadovun da iştirakı ilə hər üç istiqamət üzrə aparılan müzakirələrin və ümumiləşdirilən ideyaların son məzmunu bundan ibarət oldu ki, cəmiyyətdə yüksək sosial-iqtisadi rifah üçün tarazlı və dayanıqlı iqtiasadi inkişafa nail olunmalı, bunun üçün isə isqtisadi sistemə etik istehsal və istehlak davranışları hakim kəsilməlidir. Başqa sözlə desək, həqiqi güclü iqtisadiyyata nail olmaq üçün yüksək etik keyfiyyətlərə malik insanlar yetrişdirmək lazımdır.

 

Diqqətinizə görə təşəkkürümü bildirirəm!

No comments:

Post a Comment