Thursday, January 17, 2013


Rasional iqtisadi davranışın fəlsəfi etüdləri


İqtisadiyyat iki sütunun üzərində dayanan nəzəri baza, elm sahəsidir: insanın istəklərinə dayanan tələb və onun ödənilməsinə yönələn təklif.

Tələbin bazisi fərdin istəkləridirsə, istəklərin bazisi fərdin EQO-sudur. Fəlsəfi məktəblərin təsnifatına görə fərd həm heyvani, həm də insani, yəni kamil EQO-ya sahibdr. Yəni, fərdin istəklərini hərəkə gətirən ya onun heyvani EQO-su, ya da kamil EQO-sudur.

Müasir dövrün əsas iqtisadi nəzəri məktəbləri tələbin, yəni fərdin istəklərinin bazısındə kamil EQO ilə yanaşı, heyvani EQO-nun da dayanmasını məqbul hesab edir. Beləliklə, ikincinin realizasiyasını iqtisadiyyatın vəzifəsi kimi təlim edir. Bu isə iqtisadi sistemi həmin destruktiv istəklərin yedəyinə çevirir.

Tələb təklifi yaradan determinant olsa da, israf olunan tələb və təklif iqtisadi artımın iqtisadi inkişafa çevrilə bilməyən, puç olan hissəsidir.

Məsələn fərd siqaret istehlak edərkən, ona tələb yaradır, beləliklə istehsalçı subyektin mənfəəti formalaşır, cəmiyyətdə daha bir iqtisadi artım effekti yaranmış olur. İlkin fazada fərdin bu davranışı iqtisadiyyatın xeyrinə işləyir. Sonra fərd bu davranışın nəticəsində sağlamlığını itirir və nəticədə tibbi xidmətə tələb yaradır. Forma etibarilə, bu fazada da fərdin davranışı tibbi xidmətə tələb yaratmaqla iqtisadiyyatın xeyrinə işləyir. Lakin, nəticədə insan həmin xəstəlikdən həlak olur. Beləliklə, iqtisadi sistem həmin fərdin qeyri-rasional davranışlarına adekvat reaksiya verməklə dolayısı ilə son nəticədə onun məhvinin iştirakçısına çevrilir. Əslində isə hələ ilkin mərhələdə iqtisadi sistem fərdin davranışının rasionallığına nail ola bilsə idi fərd siqaret əvəzinə iqtisadi sistem üçün daha faydalı tələb yaradardı.

Bəşər tarixindən bu günə qədər iqtisadi sistemləri iflic edən möhtəkirlik “xəstəliyi”nin əsasında da zamanın əksər insanlarının davranışına hakim olan heyvani EQO dayanır. Bu, müasir dövrdə maliyyə bazarlarını real iqtisadiyyat üçün dəhşətli kabusa çevirən güclü virusdur.

İqtisadi sistemi bir yarış meydanı kimi təsəvvür etsək, burada sağlam və ədalətli yarışa nail olmaq üçün tez-tez oyun qaydalarını dəyişmək deyil, oyun iştirakçılarının etik səviyyəsini yüksəltmək tələb olunur. Bu halda iqtisadi yarış ədalətlə baş tutar və hamı bu rasionallıqdan məmnun qalacaq. Bu yanaşma iqtisadi inkişaf konsepsiyalarının ana xəttinə çevrilməyincə qlobal və milli iqtisadi sistemlər tez-tez model dəyişikliklərinə uğrayacaq və bəşəriyyət dayanıqlı inkişaf edən sistemin axtarışını sonsuza qədər davam etdirəcəkldir.

İqtisadi sistemi xroniki resessiya “xəstəliyindən” azad etmək üçün iqtisadi sistemin obyekti olan “insan”, yəni onun sosial və iqtisadi davranışlarının fəlsəfəsi dərindən öyrənilməlidir.

Mahiyyət etibarilə Keyns nəzəriyyəsi (İngilis iqtisadçısı Con Maynard Keyns, 1883-1946) əslində qeyri-rasional insanların ayrı-ayrılıqda qurduqları iqtisadi sistemin dövlət tənzimlənməsi deyilən stabilizator mexanizmi ilə “hamarlanma resepti”ni təlim edir. Yəni bu, rasional tarazlığından kənarlaşmış makroiqtisadi sistemin dövlət tənzimlənməsi yolu ilə rasional hədlərə yaxınlaşdırılmasıdır.

Əslində klassik iqtisadi məktəb (Şotland iqtisadçısı, klassik iqtisadi məktəbin banisi Adam Smit, 1723-1790) “görünməz əl” ilə iqtisadi sistemin bir düzənə tabe olacağını və fəaliyyət göstərəcəyini ona görə real hesab edirdi ki, burada insanın davranışı rasional hesab edilirdi. Lakin, təcrübi reallıqda isə insanın qeyri-rasionallığı dövlət tənzimlənməsi deyilən stabilizatoru zəruri etdi. Bu, bu gün də zəruridir. Üstəlik bu gün baş verən iqtisadi böhranlar göstərir ki, bəzi hallarda insan toplumları o qədər azğınlaşır ki, tənzimləmə stabilizatorları lazımi dərəcədə effekt vermir.

Çünki, o EQO ki, ayrı ayrılıqda fərdlərdən təşkil olunmuş iqtisadi sistemin rasionallığına mane olur, həmin EQO-nun hakim kəsildiyi insanlardan ibarət tənzimlənmə institutları da özlüyündə rasional, dayanıqlı inkişafa malik iqtisadi sistemin mövcudluğunu təmin etmək gücündə deyildir.

Müasir iqtisadi inkişaf institutlarının böyük əksəriyyəti isə çıxış yolunu daha güclü tənzimləmə alətlərinin tapılması və realizasiyasında görür. Əslində isə iqtisadi sistemi deyil, obyektin özünü - insanı “sağaltmaqdan”, yəni ona rasional davranış təfəkkürünü təlqin etməkdən başlamaq lazımdır.

Obrazlı ifadə etsək, orqanizmdə xəstə orqanın digər orqanlara metastazının qarşısını almağa cəhd etməkdənsə, həmin orqanı, yəni, azar ocağının özünü müəyyən edib, müalicə etmək lazımdır.

Beləliklə, iqtisadi davranışın bazisində heyvani EQO deyil, kamil EQO dayanmalıdır. Toplumu daim iqtisadi və sosial cəhətdən məmnun edə biləcək yeganə resept budur. İqtisadi-nəzəri məktəblər insanın iqtisadi davranışının bazisi kimi maddi xərclərin minimumlaşdırılması, maddi qazancın maksimallaşdırılması ideyasını təlim etməyə son verməlidir. Başqa sözlə, elə insan tərbiyə etmək lazımdır ki, sağlam, rasional iqtisadi sistemi yaratsın və eyni zamanda onun elementinə çevrilsin.
 

P.S.

Zaman-zaman dünya iqtisadiyyatının məhvinə qalxan böhranları, əl-əxsus da sonuncunu iqtisadi və ya maliyyə böhranı adlandıranlar yanılırlar. Əsində bu, “qlobal mənəviyyat böhranı” və ya formaca konstruktiv, mahiyyətcə destruktiv iqtisadi davranışların böhranıdır.

 
Ağanemət Ağayev

No comments:

Post a Comment