Monday, January 28, 2013


2-ci mövzu. Ən qədim iqtisadi təlimlər

(“İqtisadiyyatın nəzəri əsaslarına fərqli yanaşmaların tarixi haqqında” mövzusunun davamı)

 
Ən qədim iqtisadi təlimlər həmin dövrün iqtisadi sistemlərinin başlıca elementlərinin rolunun və faydalılığının izahı üzərində qurulmuşdur. Bu anlayışların müəyyən olunması iqtisadi nəzəriyyənin başlanğıc mərhələsidir. Bu dövr iqtisadiyyatın nəzəri məsələləri yalnız iqtisadi münasibətlərin mahiyyətinin ilkin dərk olunması səviyyəsində olmuşdur. İqtisadi münasibətlərin bir sistem kimi öyrənilməsinə başlanıldığı bu dövrdə onun rasionallıq məsələləri barədə fikirlər epizodik, pərakəndə şəkildə mövcud olmuşdır.

İqtisadi təlimlər tarixindən görürürk ki, Qədim Misirdə iqtisadi fikirlərin formalaşması, əsasən dövlətin mərkəzləşmiş idarəetmə sahəsindəki fəaliyyəti ilə bağlı olmuşdur.

Qədim Misirin iqtisadi fikir tarixində mühüm paya malik mənbələrdən biri eradan əvvəl XIII əsrdə yazılmış "İpuserin kəlamları" ilə bağlıdır.

Cəmiyyətin dəyişil­məsinin ilkin keçid dövrünü göstərən İpuserə görə həmin dövrün mərkəzləşdirilmiş idarəetmə sistemi əhalinin çox az hissəsinin mənafeyinə xidmət edir. O, hesab edir ki, Misirin taxılı hamının neməti olmalı, bunun üçün qeyri-ədalətli qanunlar (müxtəlif deklarasiyalar, məhkəmə qanunları) məhv edilməlidir.

Bu yazılarda ciddi reqlamentləşdi­rilmiş təsərrüfatın pozulmasına xüsusi diqqət verilir. Nəzarətin zəifləməsi bir tərəfdən istehsalçıla­rın, xüsusən sənətkarların boş dayanmasına, digər tərəfdən qeydiyyat aparanların fəaliyyətsizliyinə gətirib çı­xarır. Bu da xalqın həyati və sosial mənafelərinin pozulmasına səbəb olur.

İşləməyən sənətkarları o, ölkənin düşmənləri adlandırır. Taxıl əkməyib, məhsul alanlar barəsində məlumatların verilməməsini xalqın ictimai qəzəbinin artmasının səbəni kimi göstərir. Qeyd olunur ki, təsvir olunan problemlər cəmiyyətin kübar hissəsinin mərkəzləşdirilmiş hakimiyyət nümayəndələrinə qarşı çıxmasına səbəb olur.

Sözügedən iqtisadi təlimin ən diqqəti cəlb tərəfi ondan ibarətdir ki, burada iqtisadi sistem və davranışların sosial ədalət aspektlərindən qiymətləndirilməsi mövcuddur. İnstitutlaşmış maraqlarla sosial rifah arasında ziddiyyət məsələləri bir idarəetmə sistemi timsalında təsvir edilir.

Ümumiyyətlə, nisbətən dayaz platformalarda olsa da Qədim Misirin iqtisadi təlimlərində cəmiyyətin ön böyük institutlarının əlində cəmlənən iqtisadi gücün sosial qeyri-bərabərliyin əsas səbəbi kimi qiymətləndirilirməsinin şahidi oluruq. Bu iqtisadi təlimlərdə əsas vurğu sosial ədalət üzərindədir. Bu onu göstərir ki, o dövrün mütəfəkkirləri də iqtisadi sistemin əsas kövrəkliklərini insan problemində, insan haqları platformasında axtarmışlar.

 
Materialda M.X.Meybullyevin red. ilə 2002-ci ildə ç.o. “İqtisadi təlimlər tarixi” kitabının məlumatlarından istifadə olunmuşdur.

 
Ağanemət Ağayev

No comments:

Post a Comment