Wednesday, January 30, 2013


3-cü mövzu. Ən qədim iqtisadi təlimlər

İqtisadi münasibətlərin insan davranışının ideoloji məsələlərilə əlaqəsini göstərən antik iqtisadi nəzəri təlimlərin bir hissəsi də Qədim Babilistanla (e.ə. XIX -XVI əsrlər) bağlıdır.

Dövlətin iqtisadi agentlərin təsərrüfatçılıq fəaliyyətinə müdaxiləsinin klas­sik formasını bu qədim çarlığın timsalında görmək olur. Tarixi mənbələr göstərir ki, burada torpaq sahələrinin hökmdar adamlarına paylanması bir tərəfdən xüsusi mülkiyyətin möhkəmlənməsinə, icarə münasibətlərinin güc­lənməsinə səbəb olsa da, digər tərəfdən bir sıra ağır sosial problemlərin təməlini qoyurdu. Belə ki, torpaq sahələrinin müəyyən qrup adamların əlində cəm­lənməsi onların daha çox varlanmasına səbəb olurdu. Əhalinin digər qismi isə tamamilə var-yoxdan çıxır, nəticədə imkanlı qrupdan borclanaraq asılı vəziyyətə düşür, kölə və qula çevrilirdilər.

Vəziyyətdən çıxış yolu kimi dövlət xüsusi hüquqi münasibətləri qorumaq və sələm­çilərdən asılılığı zəiflətmək məqsədi ilə yeni qaydaların müəyyən olunması prinsiplərini müəyyən etdi. Hökmdar Xammurap­pinin (e.ə. 1792 - 1750) verdiyi qanunlar həmin dövrün ən maraqlı iqtisadi ideyaları hesab olunur. O, fəa­liyyət göstərən qanunları təkmilləşdirdi, eyni zamanda cəmiy­yətin sosial-iqtisadi inkişafına səbəb olan bir sıra yeni qanunlar qəbul etdi. Onun qanunlar məcəlləsi ilə ölkənin idarə olunmasının, təsərrüfat hə­yatının, insanların, ən əsası da davranış qaydalarının müəyyən hüquqi sistemi təsbit edildi.

İri mülkiyyətlərin qorunması, icarə, ticarətin aparılması, sələmçilik, muzdla işləməklə bağlı verilən bu qanunlar iqtisadi fikir sahəsində edilən mütərəqqi irəliləyiş idi.  

Diqqəti çəkən ən mühüm cəhət budur ki, "güclülərin zəifləri sıxışdırmaması" prinsipi bu qanunların əsas ana xəttini təşkil edirdi. Bu onu göstərir ki, hələ o dövrdə iqtisadi münasibətləri müəyyən əxlaq normaları ilə tənzimləmək idayaları mövcud olmuşdur.

Sələmçiliyə qarşı yönələn Xammurappi qanunla­rında göstərilirdi ki, borcun ödənilməsi mümkün olmadıqda, əlavə faiz verməmək şərti ilə onun müddəti daha bir il də uza­dıl­malıdır. Borclunun icazəsi ol­ma­dan sələmçi borcun əvəzinə onun taxılını götürmək hüquqa malik deyildir.

Həmçinin sələmin həddi ciddi şəkildə müəyyən edilmişdi. Pul formasında sələmin həddi 20%-dən, natural formada isə 33%-dən çox ola bil­məzdi. Bu qanunlarda göstərilirdi ki, sələmçilər borclularla pis rəftar et­dikdə cəzalandırılacaqlar.

Qanunda təsbit olunurdu ki, əgər qul sahibi borclunun arva­dını, oğlunu, qızını, borc əvəzinə satırsa, onda onlar sahiblə­rinə qulluq etməli, tapşırıqlarını yerinə yetirməli, lakin üç ildən sonra onlar azadlığa buraxmalıdırlar.

Beləliklə, Qədim dövrdə Yaxın Şərq dövlətlərində heyvandarlıqla, sənətkarlıqla, tica­rətlə bağlı iqtisadi fikirlərin meydana gəlməsinə səbəb olan Xammurappinin qanunlarında iqtisadi agentlərin davranışlarının dövlət siyasətinin hədəfi kimi müəyyən olunmasını görürük.

Xammurappinin qanunlarında sələmçiliyin ciddi şəkildə məhdudlaşdırılması iqtisadi sistemdə fərdin ifrat səviyyədə varlanmaq istəklərinin cəmiyyətdə ədalətə və sosial rifaha təhdid olduğu qənaətinə gəlinir. Vaxtı çatmış borcu geri almaq borcverənin haqqı olsa da onun borcalanla pis rəftarı yolverilməz hesab olunur. Bu, iqtisadi haqların mənəvi haqlardan aşağıda durması ideyasının bir daha bariz tarixi təsdiqidir.

Ağanemət Ağayev

No comments:

Post a Comment