Tuesday, January 15, 2013


OÇERK

Geri qalmış elm sahəsi və ya iqtisadiyyatın “dərdi”




Hələ dan yeri sökülməmiş evdən işə gəlirdim. Adətən olduğu kimi, nədənsə o gün yenə də yol boyunca ümumilikdə iqtisadiyyatın, iqtisad elminin təməl problemləri barəsində düşünürdüm. Niyə bu sistem tez-tez böyük böhranlarla üzləşir? Niyə bu elm sahəsinə yeni yanaşmalar hər dəfə böhranlardan sonra yaranır? Bəlkə, elmin bu sahəsi hələ böyük yanlışlıqlar içindədir? Bəlkə, bugünkü iqtisad elmi vaxtilə “yer nəhəng heyvanlar üzərində bərqərardır və günəş yerin ətrafında dövr edir” ideyasını həqiqət hesab edən coğrafiya elminin həmin cəfəngiyyat dövrünü yaşayır? Özü-özümə bu sualları verir, müqayisəli əsasda cavab tapmağa çalışır, təxəyyülümdə qısa-qısa ümumiləşdirmələr aparırdım.

İşə çatdm. Adəti üzrə bir-iki yır-yığışdan sonra iş kompüterimdə xəbər portalını açdım. Bir qədər oxumuşdum ki, maraqlı, həm də başlığından marağımı çəkən bir yazı ilə rastlaşdım. Bu yazı elə bil səhərdən, yox, yox lap çoxdan içimdə dolanan suallara bir cavab pıçıldamaq istəyirdi. Yazının başlığı belə idi: “Lənət olsun belə analara”. Bəli, adından yazının iqtisadiyyat, özü də iqtisad elmi ilə bir əlaqəsinin ola biləcəyi görünmür. Lakin, yazının məzmunu mənə ən müasir və ağır nəzəri-iqtisadi yazılardan da daha çox “iqtisadi” gəldi.

Bu yazıda qeyd olunurdu ki, Cənubi Afrika Respublikasının yoxsul kəndlərində "kah-kah" adlı pivə çox populyardır. Kah-kah xəmir mayası, akkumulyator turşusu və su qarışığından ibarətdir. Açıq qəhvəyi rəngli bu məhlul əsl zəhərdir.
Amma afrikalı hamilə qadınlar səhər saatlarından etibarən bu "pivə"ni içməyə başlayır, bir də axşam saatlarında içkidən ayrılırlar. İlk baxışdan absurd təsir bağışlayan bu davranışın konkret səbəbi var. Hamilə qadınlar kah-kah içərək bətnlərindəki körpələrin şikəst, əlil olmasını istəyirlər. Onlar şikəst uşaq doğaraq dövlətdən daha yüksək sosial müavinət almaq, bu minvalla guya sağlam uşaqlarını dolandırmaq və böyütməyə çalışırlar.

Dəhşətə gəldim, təəccüblü də olsa əslində anaların körpələrinə qarşı bu vəhşi davranışına görə deyil. Nə də olmasa dünyada, hətta ölkəmizdə dəhşətli abort statistikalarına o qədər öyrənmişik ki, bu onun yanında “toya-bayrama” getməlidir. Ən azından ona görə ki, bu analar heç olmasa bətnlərindəki övladlarını tələf etmir və ya doğram-doğram edib öldürmür, şikəst də olsa dünya işığına layiq bilirlər.

Dəhşətə gəldiyim məqam odur ki, dünyanın inkişaf etmiş iqtisadiyyatına, dövlətçiliyinə malik bu ölkədə bu qədər dərin və möhtəkircəsinə vüsət alan sosial problem yaşanır. Bəs, zəif iqtisadiyyatlar neyləsin?

Mahiyyətinə ensək, dövlət iqtisadiyyatı inkişaf etdirmiş, sosial siyasət mexanizminin bir elementi kimi əlil uşaqlara müavinətlər ayırmışdir. İqtisadiyyata indiki dar anlamda baxsaq bundan da çox nə edə bilər ki, gəliri yaratmış və onun sosial bölgüsünü müəyyən etmişdir. Problem bu iqtisadiyyatın memarı və eyni zamanda hədəfi olan “insan”dadır. Çünki, insan öz əli ilə yaradılışın əşrəfi, firavan yaşayışa, bunun üçün də ən mükəmməl iqtisadi sistemə layiq olan, haqqı ancaq və ancaq xoşbəxtlik olan insanı, yəni özünü şikəst edir. Bu fiziki şikəstlik mahiyyət etibarilə cəmiyyətin, o cümlədən iqtisadiyyatın mənəvi şikəstliyidir.

Buradan özümə bu sadə nəticəni alıram: cəmiyyət və ya elm iqtisadi sistemi deyil, onun nüvəsində dayanan “insan”ı düzəltməlidir ki, firavan yaşasın. Başqa sözlə iqtisadiyyatın “dərdi” bu və ya digər inkişaf modellərini biri-birinin ardınca sınaqdan çıxararaq zamanın “zıbil yeşiyi”nə tullamaq yox, “insan” yetişdirmək olmalıdır. İqtisadiyyatın ən böyük dəzgahı “insan” yetişdirməlidir. Yetişdirməlidir ki, özü özünü, bununla da iqtisadiyyatı “şikəst” etməsin!



P.S.

İqtisadiyyatın "insan defisiti" ilə bağlı bütün ölkələrdən misal göstərmək olar. Məsələn, qorunmaq üçün deyil, öldürmək üçün silahlanma, bir tərəfdən Afrikada dəhşətli aclıq, digər tərəfdə böyük ərzaq israfı, iqtisadiyyatların ekologiyaya verdikləri çirklənmə "töhfəsi" və s.

Bir fikri çox bəyənmişdim. Albert Qor deyirdi ki, pasient xəstələnir, təcili tibbi yardim çağırır, nəticədə həyatı xilas olunmur. Burada iqtisadiyyat belə hesab edir ki, heç nə itirmir, əksinə tibbi xidmətə yeni bir tələb yarandı və əlavə dəyər istehsal olundu, gəlir artdı. Lakin, əslində bir insanın nahaq ölümü iqtisadiyyatın ən böyük itkisidir.

Mənə gəlincə, ona görə bu məsələdə bu günə qədərki iqtisad elmini qınayıram ki, özünün təyin oblastını çox dar götürmüşdür: minimum resurslarla maksimum tələbatın ödənməsi. Nəticədə isə, insan qanı tökmək, başqa insanlar üzərində hökmranlıq etmək həvəsi dövrün insanlarının tələbatına çevrilmiş və rusursların əhəmiyyətli hissəsi bəşər övladının məmnunluğuna deyil, məhvinə xərclənməkdədir.

Yəni, özü özünü məhvə aparan insanların yaratdıqları inkişaf institutları iqtisadiyyat üçün hansı dayanıqlı "inkişaf reseptləri" tapa bilər ki?

Buna görə hesab edirəm ki, iqtisad elmi kamil insanın yetişdirilməsinə, yəni keyfiyyətli və həqiqi təhsilə iqtisadiyyatın birinci ve həlledici elementi kimi baxmayınca ona dinclik yoxdur.

 

Ağanemət Ağayev

1 comment:

  1. Salam. Bu yaxınlarda Erkin Qədirlinin orduya aid bir məqaləsini oxudum. Əsasən doğru şeylər yazmışdı, lakin zabit şərəfi məsələsi ilə heç cür razılaşa bilmədim. Zabit şərəfi məsələsi, mənə görə, 18-19 əsirlərdən qalmış avtoritarlıq elementidir. Orduda insan ləyaqətindən üstün heç nə ola bilməz fikrindəyəm. Bunun daha geniş izahını özümə açmaq istəyirdim ki, Hacı İlqar İbrahim oğlu bir cümlə ilə İsmayıllı rayonunda olan hadisəyə münasibət bildirərkən məni qabaqlayaraq daha geniş izah etdi. O, dedi: “Bu olay bizə onu göstərdi və təsdiq etdi ki, insan ləyaqəti fitridir”. Bu oçerki də oxuyarkən elə bu yadıma düşdü. İnsanların ləyaqətinin alçaldılması və sıxılması iqtisadiyyata daha çox zərbə vuran ünsür kimi qiymətləndirirəm.
    Hörmətlə, Nazim.

    ReplyDelete