Tuesday, February 5, 2013

4-cü mövzu. Ən qədim iqtisadi təlimlər

Çin mədəniyyəti və elmi dünya mədəniyyət tarixinə olduğu kimi iqtisadi fikir tarixinə də ölməz dəyərlər bəxş etmişdir. Bu ümumbəşəri dəyərlərin böyük müəlliflərindən biri də Konfutsidir (Kun-Fut-zi, e.ə. 552-479).

Konfutsi ədalətli və firavan cəmiyyətə ailə modelində baxmışdır. O, böyük - kiçik, ata - oğul, böyük qardaşlar - kiçik qardaşlar prinsipi ilə bütün cəmiyyətin sosial-iqtisadi quruluşunu stabilləşdirmək istəyirdi. Bu təlimin əsasında böyüklərə hörmət, humanizm, öz borcunu dərk etmək prinsipi dururdu. Humanist adam təvazö­karlığı, ədalətliliyi, dözümü, hamıya qarşı eyni olmağı ilə səciyyələnirdi. Konfutsi göstərirdi ki, xeyirxah insan yalnız öz borcunu dərk etdiyi halda, aşağı mədəniyyətli insanlar yalnız faydalanmağı üstün tuturlar.

Bu təlimlərdə ali mənəvi prinsiplər hər cür sərvətdən, yüksək mövqe tutmaqdan üstün hesab edilir.

Bu gün də dünya üçün ən aktual çağırış ola biləcək ideya ondan ibarətdir ki,  Konfutsi insanın mənəvi təkmilləşməsini dövlət idarə­çiliyinin əsası hesab edirdi. Onun fikrinə görə dövlət böyük bir ailədir, hökmdar isə "xalqın atasıdır".

İdeal hökmdar obrazında da Konfutsi təkmilləşmiş şəx­siyyəti görürdü və qeyd edirdi ki, dövlət xərclərində qənaətcil olmalı, insanların qayğısı ilə yaşamalıdır. Qədim mütəfəkkir sosial-iqtisadi münasibətlərdə etik normalara riayət edilməsinin nəzəri ideyalarını göstərmişdir.

Ümumilikdə, Konfutsi ideyalarının təhlili göstərir ki, burada himanizm iqtisadi maraqlardan daha üstün qiymətləndirilir. Bu təlimlərdə insani dəyərlər iqtisadi maraqlarla eyni platformlarda qoyulur. Aydın görünür ki, burada cəmiyyətin sosial-iqtisadi quruluşunu stabilləşdirmək ideyaları humanizm ideyalarının ağuşundadır.

Materialda M.X.Meybullyevin red. ilə 2002-ci ildə ç.o. “İqtisadi təlimlər tarixi” kitabının məlumatlarından istifadə olunmuşdur.


Ağanemət Ağayev

No comments:

Post a Comment