Wednesday, February 13, 2013


7-ci mövzu. Qədim iqtisadi təlimlər

Bəşəriyyətin böyük mütəfəkkirlərindən biri olan Nizami Gəncəvinin (1141-1209) cəmiyyətin ictimai ziddiyyətlərini dərin­dən qavraması və ideal cəmiyyət haqqındakı fikirləri dünyanın ictimai-iq­tisadi fikir tarixinin ən qiymətli incilərindəndir.

Şeyx Nizami ele bir alimdir ki, tarixin müxtəlif zamanlarında böyük idealoji məktəblərin nümayəndələri onun əxlaq dərslərinə söykənmiş, hətta bəziləri həmin ölməz ideyaları öz təlimlərinin ideoloji əsaslarına uyğun izah etməyə belə çəkinməmişlər.

N.Gəncəvinin əsərlərində insan, insanın insana, insanın cəmiyyətə, onu əhatə edən tə­bii mühitə münasibəti, cəmiyyətin ədalət və təbii qanunlar əsasında idarə edilməsi kimi bazis məsələlər əsas yer tutur. Nəzəri irsinin və fikir dünyasının hərtərəfli və dərindən öyrənilməsi göstərir ki, həmin dövrün mühüm ictimai, iqtisadi və siyasi hadisələri, həmçinin bu hadisələrin cərəyan etdiyi mürəkkəb mühit onun əsərlərinin əsas motivi olmuşdur.

N.Gəncəvi əmək və sərvət haqqında mükəmməl təlim yara­tmışdır. Bu təlimə görə, əmək maddi və mənəvi sərvətləri artıran əsas mənbədir və əmək fəaliyyətinin səmərəliliyi əməyə stimul doğuran amillərdən asılıdır. O, hər kəsin öz qabiliyyətinə görə işlə təmin olunması fikrini, əmək adamının daima öz baçarıqlarını artırması ideyalarını irəli sürmüşdür.

Dahi mütəfəkkir iqtisadi davranışları, bununla bağlı nəzəri ideyaları birmənalı şəkildə əxlaqi təlimlər çərçivəsində təqdim edir. N.Gəncəvi fərdin iqtisadi maraqlarını və davranışlarını kamil insan modeli əsasında göstərir. Təqdim olunan kamil insan modelində məmnunluq və xoşbəxtlik kimi hədəflər, daha geniş anlamda, yəni fərdin sosial-iqtisadi ehtiyaclarının fövqündə tutulur. İnsanın sağlam əxlaqı, səlis idrakı bütün keçici hisslərdən, o cümlədən onun bütün iqtisadi maraqlarından üstün qiymətləndirilir.

Tarix göstərir ki, əsrlər keçməsinə baxmayaraq Nizaminin əxlaq dərsləri bu gün XXI əsr iqtisadiyyatının sağlamlaşması üçün ən gərəkli “resept”lərdən biridir.

Materialda M.X.Meybullyevin red. ilə 2002-ci ildə ç.o. “İqtisadi təlimlər tarixi” kitabının məlumatlarından istifadə olunmuşdur.

Ağanemət Ağayev

No comments:

Post a Comment