5-ci mövzu. Ən qədim
iqtisadi təlimlər
İqtisadi münasibətlərin, yəni iqtisadiyyatın tarixi
insan yaranandan başlanır. Lakin, bu sahə bir elmi
təfəkkür tərzi kimi, uzun müddət elmin müxtəlif sahələri ilə əlaqəli
öyrənilmişdir. İqtisadi
nəzəri təlimlərin inkişafı Qədim Yunanıstandan başlanır. Təsadüfi deyil ki, “iqtisadiyyat” məfhumunun mənşəyi yunan sözü olan
"təsərrüfat" və "qanun" anlayışlarıdır. Beləliklə, “iqtisadiyyat” anlayışının ilkin izahı qədim yunan fəlsəfi məktəbindən
gəlir.
Qədim Yunanıstanda iqisadi təlimlər əsasən öz əksini filosofların
görüşlərində tapırdı. Bu ölməz təlimlərdə iqtisadi münasibətlər sistemi əxlaqi,
mənəvi dəyərlərin ayrılmaz hissəsi kimi təqdim olunur. Rasional iqtisadi
davranışlara birmənalı şəkildə əxlaq məsələləri çərçivəsində baxılır.
Böyük yunan filosofu Demokrit
(e.ə. 460-370) hesab edirdi ki, hər cür əlavə yığım cəmiyyətin
"kasıb" və "dövlətli" təbəqəsini əmələ gətirir. Əgər hər
hansı kəs öz payından razıdırsa, onu yoxsul adlandırmaq olmaz. Yaxud malik
olduğundan razı olmayanı da dövlətli adlandırmaq olmaz.
Demokrit iri torpaq sahibkarlığına, həddindən artıq pul yığımına qarşı çıxış edirdi. Mütəfəkkir
qeyd edirdi ki, həddindən artıq pula pərəstişlik və onun
ödənilməsinin sonu yoxdur. Görünməmiş mənfəəti vicdanın itirilməsinə gətirib çıxaran amil kimi təqdim edən filosof yoxsulluğu
ləyaqətlə keçirməyi sağlam düşüncəni əks etdirən cəhət kimi qəbul edirdi.
Digər bir
qədim yunan filosofu məşhur Sokratın (e.ə. 469-399) iqtisadi görüşlərinin ana
xəttini "mənəvi xeyirxahlıq" tuturdu. "Özün-özünü dərk et"
tezisinin müəllifi olan Sokrat qeyd edirdi ki, sərvət əldə etmək üçün
qətiyyətlilik, enerji və xeyirxahlıq lazımdır. Sərvətin saxlanılması üçün isə,
adamlarda onsuz keçinmək xüsusiyyəti olmalıdır. Bununla əlaqədar olaraq o,
geniş əhali kütləsini aza qane olmağa, əldə olunan sərvəti mənəvi xeyirxahlıqla
istifadə etməyə çağırırdı. Ən maraqlı fikirlərindən biri də budur ki, o, bunu
sərvətin qorunması hesab edirdi.
Qədim
yunan fəlsəfi məktəbinin iqtisadi görüşləri Ksenofontun (e.ə. 431-355),
Platonun (e.ə. 427-347), Aristotelin (e.ə. 384-322) və digərlərinin əsərlərində
də geniş şəkildə əks olunmuşdur.
Materialda M.X.Meybullyevin red. ilə 2002-ci ildə
ç.o. “İqtisadi təlimlər tarixi” kitabının məlumatlarından istifadə olunmuşdur.
Ağanemət
Ağayev
No comments:
Post a Comment