Friday, February 1, 2013

Kağız çörək

Deyirəm, çörək kağızdan olaydı. Kağız kəşf olunandan bəri yer üzündə aclıq-filan olmazdı. Bu gün dünyada bir tikə çörək çıxıb ceyran belinə. Lakin, nə boldu kağız: sərvət - kağız, inam, etibar - kağız, miras – kağız, az qala hər şey kağız. Bəlkə, belə də olmalı idi, axı bu gün çox nəzərlərdə insanların doğumu da kağız, ölümü də kağızdır. Nəticədə, kağızlar üzərində nə qədər hərarətli reallıqlar həkk olunsa da özləri həmişə buz kimi soyuqdur – qlobal yoxsulluq və səfalət statistikasını göstərən kağızlar kimi.

Keçək mətləbə...

Hazırda dünya iqtisadiyyatının ümdə problemi maliyyə böhranının səngidilməsi, maliyyə institutlarının dayanıqlı hala gətirilməsi, nəticədə guya real sektora dəstək verə biləcək gücə çatdırılmasıdır.

Bu gün aydın görünür ki, ümumdünya maliyyə böhranından ən çox narahat olanlar qlobal maliyyə gücləri, bir qrup inkişaf etmiş ölkələrdir. Hazırda qlobal və regional maliyyə böhranlarını dünya ictimaiyyətinin birinci dərəcəli problemi kimi təbliğ edənlər də onlardır. Əcəba, doğrudanmı məsələ bu qədər aktualdır? Bəlkə məsələnin ciddiyyəti heç də bu “səs-küy” qədər deyil.

Hazırki maliyyə böhranlarının dünyada insan inkişafı göstəricilərinə neqativ təsirləri şübhəsizdir: artan işsizlik, xüsusilə inkişaf etmiş ölkələrdə əhali gəlirlərinin azalması və s.

Lakin, məsələyə eyni zamanda bir az fərqli rakursdan baxdığımızda da maraqlı mətləblərlə üzləşirik.

Əvvəla, qlobal maliyyə böhranının ən çox zərər çəkənlər borc bazarlarının kreditorlarıdır. Nəticədə qlobal borc bazarının subyektləri - böyük maliyyə institutları faiz dərəclərinin düşməsi nəticəsində əhəmiyyətli qazanclardan məhrum olur, möhtəkir kapitalının artımı zəifləyir. Bu da onların qlobal səviyyədə maliyyə resurslarını absorpsiya etmək qabiliyyətini zəiflədir.

Qlobal maliyyə böhranı uzun müddətdir davam etsə də, hazırda dünyanın bir qrup iqtisadi sistemləri bu maliyyə böhranını yaşamırlar: ya müəyyən dalğalarından salamat qurtulmuş, ya da ümumiyyətlə bu böhrandan yoluxmamışlar. Burada lokal maliyyə institutları dayanıqlı inkişaf edir, iqisadi artım əvvəlki temlərilə davam edir, əhali gəlirləri artır.

Digər tərəfdən, inkişaf etmiş iqtisadiyyatların nisbətən zəif qiqtisadiyyatlara ixrac etdiyi əmtəə və xidmətlər, təbii ki, bunun da tərkibi kimi yeni yaranmış əlavə dəyərin texnoloji hissəsi ucuzlaşır. Çünki, həmin ölkələrdə məcmu tələbin daralması səbəbindən təklifin realizasiya olunmayan hissəsi artır və bu məhsulların nisbətən aşağı gəlirli regionlarda daha ucuz miqyasda əlavə dəyərə çevrilməsinə zərurət yaranır.

Bu arqumetləri davam etmək də olar.

Lakin, əksər qlobal maliyyə mərkəzləri və iqtisadi güclər bu böhranın ən böyük “payçıları” kimi sözügedən böhranı az qala bəşəriyyətin sonu kimi göstərirlər.

Halbuki, mahiyyət etibarilə dava daha çox kağız davasıdır: sərbəst dönətli valyutalar - kağız, borc qiymətliləri - kağız, varlı institutların qazancları - kağız, az qala hər şey kağız. Kağız isə həm də gücdür, kağızı həmişə güc kimi saxlaya bilən gücdür.

Bəs, nə üçün:

ü inkişaf etməkdə olan ölklərdə 1,4 milyard insan və ya dünyada yaşayan bütün kənd əhalisinin hər 4 nəfərindən 3-ü günlük 1 dolar 25 sent-dən də az gəlirlə yaşamaq məcburiyyətində qalanda;

ü bir gün ərzində 22 min uşaq yoxsulluq səbəbilə öləndə;

ü 1,7 milyard insan minimum tələbatı qədər işməli su tapmayanda;

ü  və nəhayət, 2,3 mlilyard insan keyfiyyətsiz içməli sudan xəstəlik tapanda

buna indikiyə dediyimiz qədər qlobal böhran demirdik?

Hansısı insan tələbatının əsas elementidir: minimum qida və yaşam normaları, yoxsa keyfiyyətli maliyyə xidmətləri və yüksək rentabelli maliyyə bazarları?

Məgər, bütün iqtisadi nəzəri məktəblər maliyyə sektorunun iqtisadiyyat üçün əsas deyil, köməkçi sektor olduğunu deməmişlərmi? Məgər maliyyə bazarlarının inkişaf etdirilməsinin əsas hədəfi, real sektorun inkişafının dəstəklənməsi, nəticə etibarilə isə insan inkişafının məqsədlərinə nail olunması deyilmi?

Belə getsə hələ uzun müddət insan inkişafının dərin problemləri əvəzinə “kağız” qıtlığına qlobal böhran deyiləcək. Problem isə qalmaqda davam edəcək: dünya miqyasında hər beşimizdən biri minimum sosial normalarda yaşamaqdan məhrum qalacaq.

Statistik mənbələr:
IFAD Rural Poverty Report
Human Development Report
UNICEF State of the World's Children
WHO Unsafe Water, Sanitation and Hygiene

 
Ağanemət Ağayev

No comments:

Post a Comment